Brüsseldə Azərbaycan ilə NATO arasında “Planlaşdırma və Analiz Prosesi” sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Görüşdə bu sənəd çərçivəsində Azərbaycanın aidiyyəti dövlət qurumları tərəfindən icra edilən Tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub”, - məlumatda qeyd edilir.
Planlaşdırma və Analiz Prosesi çərçivəsində Azərbaycan Respublikasının qəbul etdiyi 41 Tərəfdaşlıq Məqsədlərindən 27-i (Ümumi-17, Quru Qoşunları-5, Hərbi Dəniz Qüvvələri-1 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir. Hazırda qəbul edilmiş Tərəfdaşlıq Məqsədlərinin bir hissəsi yerinə yetirilmiş, uzunmüddətli digər Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsi üzrə müvafiq işlər davam etdirilir.
Müdafiə Nazirliyi bildirir ki, FTƏP-in 2005-2007, 2008-2010 və 2011-2013-cü illəri əhatə edən 1-ci, 2-ci və 3-cü mərhələləri müvəffəqiyyətlə yerinə yetirilib. FTƏP-in 2015-2016-cı illəri əhatə edən 4-cü mərhələsinin sənədi NATO tərəfindən təsdiq edilib. FTƏP-in 2017-2019-cu illəri əhatə edən 5-ci mərhələsi davam edir. **
B.Rüstəmbəyov