Mayın 17-də Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
“İclasın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, turizm, islahatlar, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək münasibətləri kimi sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
ABŞ nümayəndə heyətinə ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin 1-ci müavini Peter Haas başçılıq edəcək.
ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyası hər iki ölkənin hökumətləri arasında imzalanmış müvafiq memorandum əsasında yaradılıb. Komissiyanın birinci iclası 2007-ci il fevralın 7-də Bakıda, sonuncu (üçüncü) iclası isə 2012-ci ilin aprelində Vaşinqtonda keçirilib.*
A.Əzizov