2016-2019-cu illərdə Azərbaycanda bankların səhmdar kapitalına 1,8 mlrd. manat məbləğində inyeksiya həyata keçirilib. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.
“Palatanın yaradıldığı vaxtdan etibarən Azərbaycanın bank sisteminə 1,8 mlrd. manat məbləğində kapital inyeksiyası həyata keçirilib. Nəticədə bank sisteminin kapital adekvatlığı əhəmiyyətli dərəcədə artaraq 20,2%-ə çatıb”, - deyə o, bu gün Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində çıxışı zamanı bildirib.
İ.Alışovun sözlərinə görə, bank sisteminin kapital adekvatlığının artmasını “Moody`s” beynəlxalq reytinq agentliyi də təsdiq edir.
Xəbər verildiyi kimi, 2018-ci ildə bankların səhmdar kapitalına 500 mln. manat məbləğində inyeksiya həyata keçirilib.
Hazırda Azərbaycanda 30 bank fəaliyyət üçün lisenziyaya malikdir.*
Ə.Məmmədov