Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu ilin sonunadək “Ani Ödənişlər Sistemi”nin tətbiqini planlaşdırır. Bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.
“2019-cu ilin sonunadək Azərbaycanda nağdsız hesablaşmaların inkişafı üzrə Dövlət Proqramı çərçivəsində “Ani Ödənişlər Sistemi”ni istifadəyə verməyi planlaşdırırıq. İlk növbədə, fiziki şəxslər arasında hesablaşmaları tətbiq etmək niyyətindəyik”, - K.Qurbanova bu gün Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə hüquqi şəxslər arasında hesablaşmalar, fiziki və hüquqi şəxslər arasında kross-hesablaşmalar və sistemin digər elementlərinin istifadəyə verilməsi planlaşdırılır.
“Ani Ödənişlər Sistemi”nin yaradılması 5-10 saniyə ərzində ödənişləri həyata keçirməyə imkan yaradacaq. Bu sistem hüquqi və fiziki şəxslərə 24/7/365 rejimində əməliyyatlar həyata keçirməyə imkan yaradacaq. Sistemin hazırlanması ilə İsveçin “CMA Small Systems AB” şirkəti məşğul olur. **
Ə.Məmmədov