Bakı Praqaya iqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələr yaratmağı təklif edib. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
“Azərbaycan sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və digər sahələrdə birgə müəssisələrin yaradılmasını təklif edir”, - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda çıxış edərkən bildirib.
Nazir müavininin sözlərinə görə, 2018-ci ildə Azərbaycan və Çexiya arasında ümumi ticarət dövriyyəsinin həcmi $1 mlrd.-ı ötüb ki, bu da 2017-ci ilin göstəricisindən 57% çoxdur. Çexiyanın Cənubi Qafqazda yatırım etdiyi investisiyaların 88%-dən çoxu Azərbaycanın payına düşür.
R.Məmmədov əlavə edib ki, Azərbaycanda 26 Çexiya şirkəti fəaliyyət göstərir.
O vurğulayıb ki, iki ölkə arasında 30 sənəd, o cümlədən investisiyaların təşviqi və qorunması, digəri isə iki ölkə arasında ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişlər imzalanıb”, -deyə R.Məmmədov bildirib.
Nazir müavini qeyd edib ki, bu günə qədər Çexiya Azərbaycana $33,5 mln., Azərbaycan isə Çexiya iqtisadiyyatına $50 mln.-a yaxın yaxın investisiya yatırıb.
Öz növbəsində, Çexiya Deputatlar Palatasının sədri Radek Vondraçek bildirib ki, ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycandan alınan neft və neft məhsullarının payına düşür. “Bizim neft emalı zavodlarında bütün emalın 33%-ni Azərbaycan neftinin payına düşür. Ticarətdə disbalans yaranır”, - deyə o qeyd edib.
Sədr əlavə edib ki, Çexiya Azərbaycanda ayrı-ayrı məhsul növlərinin istehsalını təşkil etməyə hazırdır.*
B.Rüstəmbəyov