Azərbaycan yanvar-aprel aylarında OPEC+ sazişi üzrə öhdəliyini 130% icra edib. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Yanvar-aprel aylarında Azərbaycan öhdəliyini 130% icra edib. Ötən ilin dekabrında qəbul edilən qərarın yüksək səviyyədə icrası neft bazarına, xüsusilə neftin qiymətinə müsbət təsir göstərib. Bütün bu müsbət məqamlar "Əməkdaşlıq Bəyannaməsi"ni imzalamış OPEC və qeyri-OPEC ölkələrinin birgə uğurudur”, - deyə o, Ciddə şəhərində keçirilən “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında bildirib.
Nazir qeyd edib ki, məhz bu əməkdaşlıq, ümumi məqsəd naminə birgə fəaliyyət sayəsində dünya iqtisadiyyatının inkişaf tempinin zəifləməsi, qlobal neft bazarında ticarət məhdudiyyətləri, geosiyasi qeyri-sabitlik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində kommersiya neft ehtiyatlarının artması kimi risklərin olduğu bir vaxtda neft bazarı böhranla üzləşməyib.
“İclasda bildirilib ki, “OPEC plus” ölkələri tərəfindən öhdəliklər apreldə 168% yerinə yetirilib. Yanvardan mayadək öhdəliklərin orta icra səviyyəsi isə 120% olub. Nazirlərin Birgə Monitorinq Komitəsi neft bazarı və makroiqtisadi inkişafın cari vəziyyətini təhlil edərək ticarət danışıqları, geosiyasi problemlər kimi ciddi qeyri-müəyyənliklərin mövcudluğunu qeyd edib. “OPEC plus” Nazirlərinin iyun görüşünədək neft bazarının, xüsusilə də neft ehtiyatlarının monitorinqi və təhlilinin davam etdirilməsi məsləhət görülüb”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. Yeni qərar çərçivəsində Azərbaycan 2019-cu ildən etibarən gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisinə nisbətən 20 min barrel - 776 min barrelədək azaltmalıdır.
Energetika Nazirliyinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanda orta gündəlik neft hasilatı 770 min barrel, apreldə isə 683 min barrel təşkil edib.*
N.Abbasova