2019-cu ilin yanvar-aprel aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 3 mlrd. 397,8 mln. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 42,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 34,4%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - deyə məlumatda bildirilir.
Ümumilikdə yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 9 mlrd. 881,2 mln. kubmetr qaz nəql edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 21,8% çoxdur.
2018-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 8 mlrd. 386,9 mln. kubmetr təşkil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova