Ermənistanın baş naziri Nikol Paşinyan respublika hökumətinə qarşı Qarabağda müharibə və bəzi ərazilərin təhvil verilməsi şəklində sui-qəsdin olması ehtimalını istisna etməyib.
“Ermənistan və Qarabağ xalqları arasındakı fikir ayrılığı, ziddiyyət və düşmənçiliyə səbəb olan və köhnə korrupsiya sistemini təmsil edən konkret qüvvələr var və onlar korrupsiya əlaqələrindən istifadə edərək Ermənistan hökumətinə və şəxsən baş nazirə qarşı yalan təbliğat aparırlar", - deyə o, bu gün respublikanın hərbi, məhkəmə və siyasi rəhbərliyinin iştirakı ilə keçirdiyi müşavirədə bildirib.
Paşinyan 2016-cı ilin aprel ayında Qarabağda baş vermiş müharibənin səbəblərini öyrənmək üçün parlament istintaq komissiyasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.
“2016-cı ilin aprelində baş vermiş müharibənin səbəblərini araşdırmaq və bizi maraqlandıran suallara cavab tapmaq üçün parlamentin istintaq komissiyasının yaradılmasının vaxtı yetişib”, - deyə o vurğulayıb.*