İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının növbəti iclası mayın 22-də Londonda keçiriləcək. Bu barədə Britaniyanın Bakıdakı səfiri Kerol Krofts məlumat verib.
“İclas çərçivəsində Bakı ilə London arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etmək məqsədilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üzrə bir sıra ikitərəfli protokol və anlaşma memorandumlarının imzalanması gözlənilir”, - deyə o, ARB telekanalına verdiyi müsahibədə bildirib.
Səfirin sözlərinə görə, energetika naziri Pərviz Şahbazovun başçılıq edəcəyi Azərbaycan nümayəndə heyətinə 23 nəfər daxil olacaq.
O qeyd edib ki, Böyük Britaniya və bu ölkənin bp şirkəti "Azərbaycanın sabit və etibarlı tərəfdaşlarıdır". "Böyük Britaniya Azərbaycanda ən böyük xarici investordur. Burada bp şirkəti böyük rol oynayır", - deyə diplomat vurğulayıb və qeyd edib ki, Azərbaycanda 500-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir.
Səfirin sözlərinə görə, bp-nin fəaliyyəti təkcə Azərbaycanda deyil, "Böyük Britaniyadakı vətəndaşlarımız üçün" də minlərlə yeni iş yeri açmağa imkan verib.
Diplomat Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Cənub Qaz Dəhlizi (CQD) layihəsinin rolunu qeyd edib.
"CQD bir neçə hissədən ibarət olan meqalayihə adlandıra biləcəyimiz möhtəşəm layihədir. 2020-ci ildə CQD vasitəsilə Azərbaycan qazı İtaliyaya tədarük olunmalıdır. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, Avropada kömürdən istifadə səviyyəsinin azaldılmasına və ətraf mühitin qorunmasına xidmət edir", - deyə K.Krofts bildirib.
Səfir, həmçinin Londonun iqtisadiyyatın müxtəlif sahələrində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində Azərbaycana yardım göstərməyə hazır olduğunu söyləyib. "Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı qarşısına böyük vəzifələr qoyub və biz ölkənizin bu məqsədlərə nail olmasında maraqlıyıq”, - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, London xüsusilə Azərbaycana kənd təsərrüfatı sahəsində kömək təklif etməyə hazırdır. "Biz kənd təsərrüfatı sahəsinin gübrələrlə təmin olunması, məhsuldarlığın artırılması istiqamətində təcrübəmizi bölüşməyə hazırıq. Biz, həmçinin İKT, turizm, kosmik tədqiqatlar, rəqəmsal texnologiyalar sahəsində də əməkdaşlığı davam etdiririk", - deyə K.Krofts qeyd edib.
O, həmçinin britaniyalı turistlərin Azərbaycana marağının artdığını diqqətə çatdırıb. "Azərbaycan britaniyalılar üçün ekzotik dövlətdir. Ölkənizin maraqlı coğrafi mövqeyi və gözəl qonşularınızın olması ingilislərin buraya bir səfərlə kifayətlənməməsinin səbəbidir. Onların bir çoxu Gürcüstan və Xəzəryanı ölkələrə səfər etmək imkanı əldə edərək yenidən Azərbaycana qayıdır", - deyə diplomat bildirib.
Hökumətlərarası komissiyanın ikinci iclası 2017-ci ilin dekabrında Bakıda keçirilib.*
R.Babayev