Azərbaycan dövlət borcunun idarə olunmasının təkmilləşdirilməsi mexanizmlərini tərtib etməyi planlaşdırır. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
“Bununla əlaqədar əsas vəzifəmiz xarici valyutada dövlət borcunun azaldılması və onun milli valyuta ilə borc ilə əvəz etməkdir. Bu, bizə dövlət borcunun tənzimlənməsinin dayanıqlığını artırmağa imkan yaradacaq. Dövlət borcunun çevrilməsi mexanizmləri daha ətraflı daha sonra elan olunacaq”, - Şərifov çərşənbə axşamı jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, dövlət borcunun tənzimlənməsi strategiyası xarici valyuatda borcunu valyuta ehtiyatlarından 24%-dən 19%-dək azaltmağa imkan verib.
“Bu ilin əvvəlinə olan göstəricidir. Birinci rübün sonuna olan göstəriciyə gəlincə, çox da fərqlənmir. Yarımilliyin yekunları üzrə yeni məlumatlar dərc etməyi planlaşdırırıq”, - Şərifov əlavə edib.
Xəbər verildiyi kimi, 2019-cu il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu $8 mlrd. 927,1 mln. təşkil edir və 2018-ci il ərzində 5% azalıb.
Prezident İlham Əliyev 2018-ci il avqustun 24-də “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nı təsdiq edib. Sənədə əsasən 2026-cı ilə kimi Azərbaycanın xarici borcu 2017-ci ilin sonuna ÜDM-nin 22,8%-dən ÜDM-nin 12%-dək azalacaq.**
Ə.Məmmədov