“PAŞA Bank” 2020-ci ildən sonra xaricdə bankın yeni törəmə strukturlarını yarada bilər. Bu barədə bankın İdarə Heyətinin sədri Taleh Kazımov məlumat verib.
"Bizim strategiyamızda 2020-ci ilin sonuna qədər yeni strukturların açılması nəzərdə tutulmayıb. Lakin 2020-ci ildə növbəti dövr üçün yeni strategiya hazırlamağı planlaşdırırıq. May-iyun aylarında hazır olacaq bu strategiyada digər ölkələrdə yeni törəmə strukturların yaradılması mümkünlüyü istisna edilmir”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Mövcud törəmə strukturların 2019-cu ildə fəaliyyəti ilə bağlı planlara toxunan T.Kazımov qeyd edib ki, bank Gürcüstan və Türkiyədə fəaliyyətini inkişaf etdirməyi planlaşdırır.
"Gürcüstanda cari ili investisiya ili hesab etmək olar. Biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında real sektor və ticarətə dəstəyi və fəal pərakəndə kreditləşməni davam etdirmək niyyətindəyik. Türkiyəyə gəlincə, bankımız kiçik və orta sahibkarlığın dəstəklənməsinə və mövcud portfelin idarə olunmasına yönəlib”, - deyə sədr əlavə edib.
“PAŞA Bank” 2013-ci ildən Gürcüstanda “PASHA Bank Georgia”, 2014-cü ildən isə Türkiyədə “PASHA Yatırım Bankası A.S.” vasitəsilə təmsil olunur.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “PASHA Holding”in strukturuna daxildir.*
Ə.Məmmədov