2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 20,3% - 1 mlrd. 909,4 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 48,8%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 1 mlrd. 452,8 mln. manat (azalma 22,4%) təşkil edib.
Emal sənayesinə 213 mln. manat (artım 20,2%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 130,5 mln. manat (artım 11,3%) investisiya qoyulub.
Bütövlükdə, yanvar-aprel aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 565,6 mln. manat (artım 2,6%), rabitə və informasiya sahəsinə 96,2 mln. manat (artım 63,5%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 95,3 mln. manat (azalma 17,2%), təhsil sahəsinə 75,8 mln. manat (artım 7 dəfə) investisiya qoyuluşu həyata keçirilib.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
2018-ci ildə Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları 8 mlrd. 653,8 mln. manat təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 21,1% azdır. **
B.Rüstəmbəyov