“Azərbaycan Hava Yolları” (AZAL) QSC iyunun 8-dən etibarən Bakı-Qahirə-Bakı marşrutu üzrə çarter aviareysi açmağı planlaşdırır. Bu barədə cəmiyyətin məlumatında deyilir.
AZAL-ın prezidenti Cahangir Əsgərov və Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim iki ölkə arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
C.Əsgərov bildirib ki, yeni xarici aviaşirkətlərin cəlb edilməsi və yeni aviareyslərin açılması istiqamətində aktiv iş davam edir. Belə ki, iyunun 8-dən etibarən hər şənbə “Embraer-190” təyyarəsi ilə həyata keçirilməsi planlaşdırılan Bakı-Qahirə-Bakı marşrutu üzrə çarter aviareysinin açılmasına dair danışıqlar davam edir.
Onun sözlərinə görə, Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti ilə danışıqlar aparılır. İyulun 18-dən etibarən aviaşirkətin Nur-Sultan– Bakı – Şarm əl-Şeyx marşrutu üzrə həftədə bir dəfə uçuşlar həyata keçirəcəyi gözlənilir. Uçuşlar cümə axşamı günləri “Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək.
Adel İbrahim Ahmed İbrahim bildirib ki, yeni aviareyslərin açılması iki ölkə arasında turizm və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportu cari ilin yanvar-aprel ayları ərzində 1,23 mln. sərnişinə xidmət göstərib. Beynəlxalq reyslərin ümumi sayının 32,3 faizi AZAL-ın, 12,3 faizi "Buta Airways"in, 55,4 faizi xarici aviaşirkətlərin payına düşüb.*
N.Abbasova