Cari ilin avqust ayında yeni nəsil “Laçın” tankerini istifadəyə verilməsi planlıaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan”a “Dəniz Mühəndislik Bürosu”ndan məlumat verilir.
“RST12C layihəsi üzrə Laçın” tankerinin inşası "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda həyata keçirilir. RST12C layihəsi DMB tərəfindən tərtib olunub. Dedveyti 7875 ton təşkil edən gəminin inşası 86% yerinə yetirilib. Tanker 21 fevral 2019-cu il tarixində suya buraxılıb, cari ilin avqust ayında istifadəyə verilməsi nəzərdə tutulur”, - Bürodan qeyd ediblər.
Həmçinin Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi ilə “Kəlbəcər” tankerinin inşası həyata keçirilir. “Hazırda tankerin 60%-i hazırdır, gəminin 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur”, - Bürodan qeyd ediblər.
O cümlədən, zavodda RST12C layihəsi üzrə üçüncü və dördüncü tankerin tikintisinə başlanılıb. Həmin tankerlərin sifarişçisi də ASCO-dur.
“Laçın” tankerinin tikintisinə 2018-ci ilin fevralında, “Kəlbəcər” tankerinin – 2018-ci ilin aprel ayında başlanılıb.
Xəbər verildiyi kimi, 2018-ci ilin sonuna gəmiçiliyin nəqliyyat donanması 51 gəmidən ibarətdir.
ASCO 2025-ci ilə qədər nəqliyyat donanmasına daha 50 gəmi daxil etməyi planlaşdırır. **
N.Abbasova