Mayın 23-24-də Bakıda Azərbaycan və Gürcüstan dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası keçiriləcək.
“Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası mayın 23-24-də Bakıda keçiriləcək”, - Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası məsələsi Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Salome Zurabişvili arasında cari il fevralın 27-də Bakıda baş tutmuş danışıqlar zamanı canlanıb.
Gürcüstan sərhədçilərinin Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciətindən sonra mayın 14-də Bakıda Xələfov ilə Darsaliyanın görüşü zamanı dövlət komissiyasının növbəti iclasının keçirilməsinə dair qərar qəbul olunub.
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə dövlət komissiyaları səviyyəsində sonuncu görüş 2011-ci ildə Bakıda keçirilib. Bundan əlavə, 2015-ci ildə Gürcüstanda və 2017-ci ildə Azərbaycanda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ekspertlər səviyyəsində məsləhətləşmələr keçirilib.
İndiyədək dövlət komissiyaları 11 iclas keçirib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan Gürcüstan dövlət sərhədinin 314 km-nin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir. **
F.İsazadə