“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2020-ci ildə Bakı-Yalama (Rusiya ilə sərhəd) dəmir yolunun yenidən qurulmasına başlamağı planlaşdırır. Bu barədə ADY-nin sədri Cavid Qurbanov məlumat verib.
“Bu layihənin reallaşdırılması üçün Asiya İnkişaf Bankı (AİB) tərəfindən kredit ayrılıb. Biz, həmçinin podratçı şirkətin seçilməsi ilə bağlı danışıqlar aparırıq. Tikinti işlərinə 2020-ci ildən başlamağı nəzərdə tuturuq”, - deyə o, AzTV-nin “Günün nəbzi” verilişində qeyd edib.
C.Qurbanov daha əvvəl bildirmişdi ki, Bakı-Yalama dəmir yolunun yenidən qurulmasına cari ilin yayında başlanılacaq.
Bu layihənin həyata keçirilməsi nəticəsində Bakıdan Yalamaya qədər 200 km uzunluğunda dəmir yolu tamamilə yenilənəcək.
Xəbər verildiyi kimi, Asiya İnkişaf Bankı dəmir yolu sısteminin inkişafı proqramının reallaşdırılması üçün Azərbaycana $400 mln. məbləğində kredit ayırır. Kredit vəsaitləri hesabına “Azərbaycan Dəmir Yolları” QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, cəmiyyətin maliyyə effektivliyinin artırılması, ADY-nin yeni korporativ strukturunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.
Bakı-Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.
Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanın Cənub-Şərqi Asiya ilə, eləcə də Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirilməsinə xidmət edir. Birinci mərhələdə bu dəhlizlə illik 5 mln. ton, gələcəkdə isə 10 mln. tondan artıq yük nəqli planlaşdırılır.*
N.Abbasova