Azərbaycan 2019-cu ilin I rübündə $6 mln. 69,15 min dəyərində 7 min 434,06 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2018-ci ilin I rübündə Azərbaycana $14 mln. 125,29 min dəyərində 20 min 338,76 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal olunub. Beləliklə, bu ilin yanvar-mart aylarında “AI-95” markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 2,7 dəfə, dəyər ifadəsində 57,1% azalıb”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə “Premium Euro-95” markalı benzin Rusiyadan idxal edilib.
Bundan başqa, 2019-cu ilin I rübündə Azərbaycana $204 min dəyərində 233,8 ton (2018-ci ilin müvafiq dövrü ilə müqayisədə miqdar və dəyər ifadəsində azalma 33,1%) «Super Euro-98» markalı avtomobil benzini idxal olunub. Hesabat dövründə idxalın bütün həcmi Belarusun payına düşüb.
Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə $44 mln. 75,58 min dəyərində 57 min 718,71 ton «Premium Euro-95» və $1 mln. 69,59 min dəyərində 1 min 104,11 ton «Super Euro-98» markalı benzin idxal edib.
«Premium Euro-95» və «Super Euro-98» markalı benzin növlərinin Azərbaycana idxalına 1 aprel 2014-cü il tarixindən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,5 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,6 manat təşkil edir.*
Ə.Məmmədov