Azərbaycan 2019-cu ilin birinci rübündə dünya bazarlarına 775,35 kq qızıl ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Cari ilin birinci rübdə ölkədən $32 mln. 545,82 min dəyərində 775,35 kq, 2018-ci ilin yanvar-mart aylarında isə $30 mln. 907,05 min dəyərində 726,05 kq qızıl ixrac olunub. Beləliklə, ixracın həcmi miqdar ifadəsində 6,8%, dəyər ifadəsində 5,3% artıb», - hökumətdən bildirilir.
2019-cu ilin I rübündə qızıl ixracının bütün həcmi İsveçrənin payına düşüb.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda 1 min 73,6 kq qızıl hasil olunub.
2018-ci ildə Azərbaycandan dünya bazarlarına $118 mln. 39,42 min məbləğində 2 min 904,42 kq qızıl ixrac olunub.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.
Bundan əlavə, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC qızıl hasilatı ilə məşğul olur.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova