“Moody`s” beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə neftin bir barelinin qiymətini $50-75 səviyyəsində proqnozlaşdırır.
“Hesab edirik ki, ortamüddətli dövrdə (yaxın 12-18 ay ərzində – İF) WTI-nin bir barelinin qiyməti $50-$70, “Brent” markalı neftin bir barelinin qiyməti isə $55-75 arasında dəyişəcək”, - deyə agentliyin kredit siyasəti üzrə baş analitiki Denis Perevezentsev bu gün Bakıda “Moody`s”in Azərbaycan üzrə illik konfransında bildirib.
Onun sözlərinə görə, son aylar ərzində neftin qiyməti bir sıra amillərlə, xüsusilə Venesuela və Liviyada geosiyasi vəziyyətlə əlaqədar, eləcə də İrandan neft idxalına lisenziya ilə bağlı hökm sürən qeyri-müəyyənlik səbəbindən bərpa olunub.
“Düşünürük ki, ABŞ yaxın vaxtlarda idxal kvotasını əhəmiyyətli dərəcədə azalda və ya lisenziyanı ləğv edə bilər. Bu, bizi proqnozları yenidən gözdən keçirməyə təşviq edə bilər”, - deyə D.Perevezentsev əlavə edib.
O qeyd edib ki, hazırda neft bazarında müşahidə edilən tələb və təklif arasında nisbi balans OPEC+ sazişi və onun icrasında Səudiyyə Ərəbistanının rolu sayəsində nail olunub. “OPEC+ sazişinin qüvvədə olduğu dövr ərzində Səudiyyə Ərəbistanı öhdəliklərini 261% yerinə yetirib, Rusiya isə öhdəliklərini tam icra etmir”, - deyə analitik vurğulayıb.
“Moody`s”in məlumatına görə, Azərbaycan OPEC+ sazişi çərçivəsində götürdüyü öhdəlikləri 67% yerinə yetirib.*
Ə.Məmmədov