Azərbaycan Mərkəzi Bankı (AMB) və “MasterCard” Beynəlxalq kart sistemi arasında cümə axşamı Anlaşma Memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
“Memorandum “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə imzalanıb”, - bankdan qeyd ediblər.
Tərəflər ölkədə innovativ ödəniş alətlərinin tətbiqi və maliyyə savadlılığının artırılmasına dair razılığa gəliblər.
Bundan əlavə, tərəflər regionlarda əhali və təsərrüfat subyektlərinin rəqəmsal ödənişlərə stimullaşdırılması istiqamətində tədbirlərin keçirilməsi, kiçik təsərrüfat subyektləri üçün ucuz ödəniş üsullarının tətbiqi, ölkənin ictimai nəqliyyat sistemində, təhsil və turizm sektorunda müasir ödəniş texnologiyalarının istifadə imkanlarının təhlili sahələrində əməkdaşlığa dair razılığına gəliblər.
Prezident İlham Əliyev 2018-ci il sentyabrın 26-da “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq edib.
Proqramın əsas məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Proqramda qeyd olunur ki, 2018-2020-ci illərdə aşağıda qeyd olunan istiqamətlərdə həyata keçiriləcək tədbirlər nəticəsində nağdsız ödənişlərin illik həcmi artacaq: biznes-mühitin yaxşılaşdırılması ilə bağlı tədbirlər - 1,35 mlrd. manat, vergi sisteminin effektivliyinin artırılması ilə bağlı tədbirlər - 3 mlrd. manat; qeyri-formal məşğulluğun azaldılması - 0,75 mlrd. manat; bank sisteminin sağlamlaşdırılması ilə bağlı tədbirlər - 3,34 mlrd. manat; aktiv pul bazarının formalaşdırılması - 3 mlrd. manat; ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi - 0,6 mlrd. manat; yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi - 0,75 mlrd. manat; bank sisteminin rəqəmsallaşdırılması - 0,55 mlrd. manat; əhalinin maliyyə savadlılığının artırılması - 0,35 mlrd. manat.
Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcək.**
Ə.Məmmədov