2018-ci ildə “Cənub Qaz Dəhlizi” QSC bir sıra beynəlxalq maliyyə təsisatları və kommersiya banklarından Cənub Qaz Dəhlizinin (CQD) layihənin reallaşdırılması məqsədilə cəlb etdiyi kredit vəsaitlərinin sərf edilməsini başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Hesablama Palatasından məlumat verilib.
“2018-ci ildə CQD layihənin reallaşdırılması üçün Asiya İnfrastruktur və İnvestisiya Bankı ($600 mln.), Avropa Yenidənqurma və İnkişaf Bankı ($500 mln.) və Almaniyanın “Deutsche Bank AG”-nin London filialından ($524,5 mln.) ayrılan kredit vəsaitinin sərf edilmısini başa çatdırıb”, - Palatadan qeyd ediblər.
Xəbər verildiyi kimi, Azərbaycan 2020-ci ilin sonunadək öz payı çərçivəsində Cənub Qaz Dəhlizinin (CQD) layihənin reallaşdırılmasına $10,1 mlrd. yatırmalıdır. İndiyədək bu məbləğin $9,7 mlrd.-ı (nəzərdə tutulan investisiyaların ümumi həcminin 96%-dən çoxu) yatırılıb. Layihənin ümumi dəyəri təxminən $40 mlrd.-dır.
Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.**
N.Abbasova