Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanda siyasi qarşıdurmanın Ermənistan-Azərbaycan münaqişəsi zonasında gərginliyə səbəb olacağını mümkün hesab edir.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, cümə günü Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunlarına dair xidməti müşavirə keçirib.
“Z.Həsənov regiondakı mövcud hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanda baş verən daxili siyasi qarşıdurmanın qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini də xüsusi qeyd edib. Nazir qoşunlara sərəncamda olan silahlardan istifadə etməklə düşmənin irimiqyaslı təxribatlarının qarşısını dərhal almağı tapşırıb”, - məlumatda deyilir.
Nazir təlimlərin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.
Müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib. **
F.İsazadə