Azərbaycan Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası “Rosatom” ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilir.
“Nazir Ramin Quluzadə cümə günü “Rosatom” şirkətinin direktor müavini Nikolay Spasskiy və “Rusatom-Beynəlxalq şəbəkə”sinin prezidenti Aleksandr Merten ilə Bakıda nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Bundan başaqa, nazirliyin Milli Nüvə Tədqiqatları Mərkəzi ilə “Rosatom”un qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə edilib.
“Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq “Rosatom” şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb”, - məlumatda vurğulanır.
Bundan əlavə, milli nüvə, elmi tədqiqat obyektlərinin qurulması, iki şirkət arasında bu istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələləri müzakirə olunub.
“Növbəti mərhələdə “Rosatom” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana gəlişi və nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq “Rosatom” şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub”, - məlumatda qeyd olunur. **
N.Abbasova