ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Azərbaycanla əməkdaşlığın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayır.
“Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm. Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik”, - deyə D.Trampın 28 May - Respublika Günü münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilir.
ABŞ prezidenti iki ölkə arasında tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini arzulayıb.*
Ə.Məmmədov