Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hesab edir ki, Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı, polkovnik Andranik Piloyanın dövlət sərhədinin Naxçıvan sahəsindəki vəziyyətə dair səsləndirdiyi fikirlər dezinformasiya xarakterlidir.
“Hər dəfə Azərbaycan tərəfi genişmiqyaslı hərbi təlimlər keçirərkən erməni ictimaiyyətində yaranan təşvişi görən Ermənistanın hərbi rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları mətbuata sızdırır. Naxçıvan istiqamətində mövcud vəziyyət barədə erməni polkovniki Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə verməkdən başqa bir şey deyil”, - deyə Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun Naxçıvan istiqamətində keçən il qurduğu mövqelərinin guya təminat səbəbindən tərk etməsi barədə Piloyanın söylədiyi fikirlərə münasibət bildiriblər.
“Düşmən döyüş meydanında məruz qaldığı uğursuzluğu KİV nümayəndələrinə absurd bəyanatlar verməklə ört-basdır etməyə çalışır. Hazırda Azərbaycan əsgərinin yerləşdiyi yüksəkliklərdə elə bir post və döyüş mövqeyi yoxdur ki, ora hərtərəfli təmin olunmasın”, - deyə nazirlikdən qeyd ediblər.*
Ə.Məmmədov