“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin emitentin uzunmüddətli defolt reytinqini “B-” səviyyəsində təsdiq edib, proqnoz “sabit”dən “pozitiv”ə dəyişdirilib. Bu barədə agentliyin məlumatında deyilir.
“Fitch”, həmçinin bankın maliyyə dayanıqlılığı reytinqini (VR) "b-", emitentin qısamüddətli defolt reytinqini isə "B" səviyyəsində təsdiq edib.
Agentlik qeyd edir ki, proqnoza yenidən baxılması “Fitch”in baza gözləntilərini əks etdirir. "Fitch" hesab edir ki, növbəti 12 ay ərzində ABB-nin kredit profili daha da yaxşılaşacaq. Çünki bank bazarda xarici valyuta almaqla açıq valyuta mövqeyini tədricən bağlamağa davam edir.
Agentliyin məlumatına görə, bankın emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqi, eləcə də dayanıqlılıq reytinqi onun aktivlərinin aşağı risk səviyyəsində olmasını, likvidliyinin dayanıqlı göstəricilərini və yüksək gəlirliliyini əks etdirir.
“Cari ilin I rübünün yekunları üzrə ABB-nin kredit portfeli ümumi aktivlərin 20%-ni təşkil edib. 2018-ci ildə isə bankın kredit portfeli 9% artıb. Yeni strategiya üzərində iş başa çatdırıldıqdan sonra ABB-nin kredit portfelinin artımı sürətlənə bilər. Eyni zamanda, bankın aktivlərinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması, xərclərin optimallaşdırılması və mənfəətlilik mövqeyinin bərpası bankın kapital göstəricilərinin yüksəlməsinə kömək edib. Beləliklə, bankın əsas kapitalı "Fitch" agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) 37% təşkil edib. Xalis faiz marjası və məcmu kapitalın rentabellik göstəriciləri müvafiq olaraq 4,5%-ə və 20%-ə bərabərdir”, - deyə “Fitch” qeyd edir.
2019-cu ilin I rübünün yekunları üzrə Azərbaycan Beynəlxalq Bankının birinci dərəcəli və məcmu kapitalının adekvatlıq əmsalı 32% və 33,9% təşkil edib ki, bu da cari tənzimləyici normaları əhəmiyyətli dərəcədə üstələyir.
“Fitch”in qiymətləndirmələrinə görə, kapitala dair normativlərə riayət olunması ilə bağlı problemlər yalnız manatın devalvasiyası zamanı yarana bilər.
“Bizim qiymətləndirmələrimizə görə, əgər ABB xarici valyuta alışını 2018-ci ildə və cari ilin əvvəlində qeydə alınmış templərdə davam etdirərsə, onun açıq valyuta mövqeyi 2020-ci ilin ortalarınadək bağlana bilər”, - deyə agentlik hesab edir.
“Fitch” ekspertlərinin fikrincə, ABB bundan sonra da açıq valyuta mövqeyinin səviyyəsini azaltmağa davam edərsə, bu halda reytinqin gələcəkdə yaxşılaşacağını gözləmək olar.*
Ə.Məmmədov