Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin şərhini və “Arsenal” futbol klubunun oyunçusu Henrix Mxitaryan ətrafında yaradılan şounu bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara mənfi təsir etmək cəhdi hesab etmək olar. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
“Ermənistanın Bakıda keçiriləcək futbol oyunu ilə bağlı şərhi, bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara mənfi təsir etmək və hətta münaqişənin həlli üzrə substantiv danışıqları təxirə salmaq üçün hər bir imkandan istifadə etmək cəhdidir”, - deyə XİN-in sözçüsü CNN telekanalının idman müxbirinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda “Arsenal” futbol klubunun oyunçusunun iştirak etməməsi və Ermənistan XİN-in mövqeyi ilə bağlı ünvanladığı sualı belə cavablandırıb.
Mətbuat katibi Azərbaycanın final oyununda iştirak edəcək bütün oyunçuların, eləcə də pərəstişkarların təhlükəsizliyini tam təmin edəcəyi barədə ölkəmizin müvafiq rəsmi qurumları və Azərbaycan Futbol Assosiasiyası tərəfindən UEFA-ya təminatın verildiyini bildirib və bu barədə XİN-in sözçüsü səviyyəsində “idman və siyasət bir-birindən ayrıdır” mövqeyinin dəfələrlə bəyan edildiyini xatırladıb. L.Abdullayeva bildirib ki, Ermənistan XİN-in bu məsələ ilə bağlı açıqlama ilə çıxış etməsi bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasi alət kimi istifadə etdiyinin göstəricisidir.
“Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur. Azərbaycan bütün dünyada dözümlülük və multikulturalizm ənənələri ilə tanınır”, - deyə L.Abdullayeva vurğulayıb.*
R.Babayev