2019-cu ilin I rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% - 156 mln. 485,9 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycan bu nəqliyyat dəhlizi ilə yük daşımalarından 51 mln. 827,6 min manat gəlir (artım 5,5%) əldə edib.
Cari ilin yanvar-mart ayları ərzində Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 35 mln. 204,1 min manat (artım 7,5%) məbləğində olub.
Xəbər verildiyi kimi, 2019-cu ilin I rübündə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 12 mln. 565,4 min ton yük, o cümlədən 2 mln. 52,4 min ton tranzit yük daşınıb.
Bu dövrdə TRACECA ilə 87 mln. 46,2 min nəfər sərnişin daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova