Iyun ayında Azərbaycan və Əfqanıstan arasında iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
İqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın sənaye və ticarət naziri Acmal Əhmədi Bakıda iki ölkə arasinda əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Ş.Mustafayev bildirib ki, 2018-ci ildə iki ölkənin ticarət dövriyyəsi 37% artıb, 2019-cu ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 50%-ə yaxın artım müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb, iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu yaradılıb.
Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini qeyd edən iqtisadiyyat naziri Əfqanıstanın ölkəmizin tranzit potensialından, xüsusilə Lapis-Lazuli nəqliyyat dəhlizindən daha geniş istifadə imkanlarını diqqətə çatdırıb.
Görüşdə kənd təsərrüfatı, investisiya, nəqliyyat, rabitə, tikinti, avtomobil yollarının çəkilişi, meliorasiya, inşaat materiallarının istehsalı və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.
Öz növbəsində, A.Əhmədi ölkəsinin sənaye, ticarət, investisiya imkanları haqqında məlumat verib,iş adamları arasında görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib.*
B.Rüstəmbəyov