Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanın yeni rəhbərliyinin sağlam düşüncəsinə müəyyən ümidlər bəsləyir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Biz Azərbaycanda qonşu ölkənin yeni rəhbərliyinin sağlam düşüncəsinə, Azərbaycanla münasibətləri düzəltmədən, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olunmadan Ermənistani təcavüz və işğalçı siyasət yürüdərək, özü-özünü saldığı dalandan çıxarmaq mümkün olmayacağını anlamasına dair müəyyən ümidlər bəsləyirik”, - Məmmədyarov “Kommersant” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Bakı münaqişənin həlli prosesində Ermənistanın yeni siyasi rəhbəriyinin danışıqlar prosesinin detalları ilə tanış olması məqsədilə müəyyən fasiləyə yol verib.
“Bu keçid dövrü başa çatıb, danışıqlar həm iki ölkənin liderləri, həm də XİN başçıları səviyyəsində bərpa olunub”, - nazir qeyd edib.
O xatırladıb ki, cari il ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki dəfə - Parisdə və Moskvada Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində görüşlər keçirilib. “Dialoq məlum gündəlik üzrə mövcud formatda aparılır, bu da müəyyən nikbinlik yaradır”, - Məmmədyarov vurğulayıb.
Eyni zamanda, nazirin sözlərinə görə, Ermənistan tərəfi ilə danışıqlar prosesi çərçivəsində görüşlərlə yanaşı siyasi həllin bütün quruluşuna kölgə salan və birmənalı olmayan bəyanatlar səslənir. “Əfuslar olsun ki, onlar heç də nadir xarakter daşımır. Bu, əlbəttə ki, təşviş doğurur. Beləliklə, deyə bilərəm ki, ötən il çox dolğun və ziddiyyətli olub”, - Məmmədyarov bildirib.
“İndi isə bizim, ilk növbədə ehtiyac duyduğumuz, Ermənistan Respublikası rəhbərliyi tərəfindən danışıqlar prosesini davam etdirmək məqsədilə siyasi iradəsinin nümayişidir”, - o əlavə edib.
Məmmədyarov vurğulayıb ki, Ermənistanın keçmiş hakimiyyətləri özlərinin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsindən hər vəchlə yayınmağa cəhd ediblər.
“Əfsuslar olsun ki, uzun illər ərzində Ermənistan rəhbərliyi beynəlxalq birliyin birmənalı tələblərinin yerinə yetirilməsinə dair könüllü siyasi iradə göstərməyib, bu da nəticədə İrəvanın genişmiqyaslı regional əməkdaşlıqdan təcrid olunmasını, durğunluq və dərin sosial-siyasi böhran ilə şərtlənib”, - XİN başçısı qeyd edib.
O vurğulayıb ki, keçmiş hakimiyyətlərin bu cür siyasətinin nəticəsi olaraq Nikol Paşinyanın hakimiyyətə gəlməsinə yol açan hadisələr baş verib. **
F.İsazadə