Azərbaycan və Ermənistan arasında saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında qarşılıqlı dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinə dair gələcək danışıqlar prosesində münbit emosional fon yarada bilər. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Azərbaycan hər iki tərəfdən saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında qarşılıqlı dəyişdirilməsini dəfələrlə təklif edib”, - Məmmədyarov Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, saxlanılan şəxslərin və hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi dünya təcrübəsində qəbul olunur və xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən dəstəklənir.
“Əminik ki, bu, danışıqların gələcəkdə irəliləyişi və iki ölkənin cəmiyyətlərinin sülhə hazırlanması məqsədilə daha əlverişli emosional fon yarada bilər”, - nazir vurğulayıb.
Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin təşkilinə, xüsusilə jurnalistlər və məhbusların qohumlarının qarşılıqlı səfərlərinə gəlincə isə Məmmədyarov vurğulayıb ki, “burada, ilk öncə konkret, yoxlanılmış təkliflər istiqamətində işləmək lazımdır, anlamaq lazımdır ki, bu, hər iki cəmiyyət üçün nə dərəcədə həssas mövzudur, digər sözlə desək, zərər yetirmək üçün deyil, sülh naminə çalışmaq lazımdır”.
Hazırda üç nəfər Ermənistan vətəndaşı Azərbaycandadır: Arsen Baqdasaryan, Karen Kazaryan və Zaven Karapetyan. Rəsmi Bakı onları təxribatçı və hərbi cinayətkar hesab edir.
A.Baqdasaryan 2014-cü ilin dekabr ayında təxribatçı həmlə zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum olunub.
K.Kazaryan 2018-ci ilin iyul ayının ortalarında Azərbaycan hərbi qulluqçuları tərəfindən saxlanılıb. O, Azərbaycana qarşı cinayətlərdə ittiham olunur. İstintaq onun barəsində cinayət işini müvafiq məhkəmə instansiyasına göndərib.
Z.Karapetyan 2017-ci ilin iyun ayında saxlanılıb. Ermənistan tərəfi onun mülki şəxs olduğunu iddia edir. Azərbaycan onun statusunun müəyyən olunması istiqamətində müvafiq iş həyata keçirir.
Hazırda 3 azərbaycanlı Ermənistandadır. Xüsusilə, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Üçüncü azərbaycanlı Həsən Həsənov öldürülüb.
Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib. **
F.İsazadə