Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə qoşulmasının vacibliyi ilə bağlı bəyanatları ilə münaqişənin nizamlanması prosesini uzatmağa cəhd edir.
"Hər şey kifayət qədər sadədir - münaqişə tərəfi kimi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası üz-üzədir. Bu format ATƏT Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı ilə də təsdiqlənib. Reallıq belədir. Qalan hər şey ya spekulyasiya, ya da müxtəlif bəhanələr altında nizamlama prosesini uzatmaq cəhdidir", - deyə nazir Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesini nə uzatmaq, nə də yubatmaq niyyətində olmaması ilə bağlı bu yaxınlarda səsləndirdiyi bəyanatını dəstəkləyir. «Biz bu cür yanaşmanı yalnız dəstəkləyə bilərik. "Azərbaycan münaqişənin ən qısa zamanda həllində maraqlı olan ölkədir və biz hələ də münaqişənin məhz danışıqlar yolu ilə həllinə ümidvarlıqla davam edirik", - deyə E.Məmmədyarov qeyd edib.
XİN başçısı hesab edir ki, Ermənistan tərəfi də bunda maraqlı olmaldır. Axı, münaqişənin uzanması Ermənistan xalqına çoxsaylı insan əzabı gətirib.
“Bütün bu illər ərzində Azərbaycan torpaqlarının ələ keçirilməsi və onların hələ də davam edən işğalı Ermənistan üçün heç bir ciddi dividend qazandırmayıb. Əvəzində yoxsulluğun artmasına, işsizliyə, əhalinin ölkədən xaricə getməsinə və böhranın digər təzahürlərinə gətirib çıxarıb. Necə deyərlər, siyasətçi seçkilər, dövlət lideri isə gələcək nəsillər barədə düşünür", - deyə o bildirib.
E.Məmmədyarov bəyan edib ki, Ermənistan tərəfi münaqişənin həll olmasını istəyirsə, birmənalı şəkildə və artıq maneələr çıxarmadan siyasi iradə və bu istiqamətdə praktik addımlar nümayiş etdirməlidir. "Biz isə öz tərəfimizdən belə yanaşmanı tam dəstəkləyəcəyik. Amma bunu sadəcə, bəyan etmək yox, həm də həyata keçirmək lazımdır", - nazir vurğulayıb.*
F.İsazadə