Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta fəaliyyətinin yoxlanılması ilə bağlı yeni qaydaları təsdiq edib.
Maliyyə bazarındakı mənbələrdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, qaydalar 16 may 2019-cu il tarixində qüvvəyə minib.
Qaydalara əsasən, yoxlamalar dövriliyinə və əhatə dairəsinə görə fərqlənəcək.
“Yoxlamalar dövriliyinə görə növbəti və növbədənkənar, əhatə dairəsinə görə isə hərtərəfli və tematik olacaq. Növbəti yoxlama hərtərəfli, növbədənkənar yoxlama isə hərtərəfli və ya tematik ola bilər”, - deyə mənbə qeyd edib.
Sığorta şirkətlərinin növbəti yoxlanılması 2 ildə bir dəfə aparılacaq. Yoxlamaların qrafiki hər təqvim ilinin noyabr ayının 30-dək MBNP-nin İdarə Heyəti tərəfindən təsdiq edilməlidir.
Palata tərəfindən növbədənkənar yoxlamalar aşağıdakı hallarda aparılır: nəzarət subyektinin maliyyə sabitliyi, o cümlədən ödəmə qabiliyyəti göstəricilərində azalma müşahidə edildikdə; maliyyə ilinin yekununa görə nəzarət subyektinin balans üzrə zərəri yarandıqda; təqdim edilmiş hesabatlardakı göstəricilərlə real göstəricilər arasında uyğunsuzluqlar aşkar edildikdə.
Qaydalar, həmçinin yoxlamaların aparılma müddətini (45 gündən 105 günədək), yoxlama qrupunun və sığorta şirkətinin hüquqlarını, eləcə də yoxlamanın nəticələrinin açıqlanması qaydalarını müəyyən edir.*
Ə.Məmmədov