“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Bank”ın reytinqini "B+" səviyyəsində təsdiq edib və reytinqi geri çağırıb. Bu barədə agentliyin məlumatında deyilir.
““Fitch Ratings” "PAŞA Bank"ın emitentin uzunmüddətli defolt reytinqini (IDR) "B+" səviyyəsində təsdiq edib və eyni zamanda, kommersiya səbəblərindən reytinqi geri çağırıb. Agentlik bundan sonra bankla əməkdaşlıq etməyəcək”, - deyə məlumatda bildirilir.
Bankın qısamüddətli reytinqi «B» səviyyəsində təsdiqlənib, proqnoz “sabit”dir.
Agentliyin mütəxəssislərinin fikrincə, “PAŞA Bank”ın kredit portfeli kiçik həcmdə olaraq qalır və 2018-ci ilin sonuna aktivlərin təxminən 29%-ni təşkil edir.
“Ötən ilin sonuna olan məlumata görə, “PAŞA Bank”ın kapitalının orta gəlirliliyi 14% təşkil edir ki, bu da yaxşı nəticədir. Bu, 1%-dən az səviyyədə olan kiçik maliyyələşmə xərcləri (ölkə üzrə orta göstərici 2,5%) ilə şərtlənib”, - deyə məlumatda qeyd olunur.
Bank, əsasən müştəri depozitləri (2018-ci ilin sonuna öhdəliklərin ümumi həcminin 85%-i) hesabına maliyyələşir. Depozitlərin 73%-i 20 ən iri əmanətçinin payına düşür.
“Müştəri hesablarının 80%-dən çoxunu təmin edn likvid aktiv ehtiyatlarının böyük həcmdə olması sayəsində likvidlik riski azalır”, - deyə “Fitch Ratings” bildirir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “PASHA Holding”in strukturuna daxildir.*
Ə.Məmmədov