Azərbaycan 30 ildən artıqdır ərazilərinin Ermənistan tərəfindən işğalından əziyyət çəkir, bu ölkənin daha sürətli templərlə iqtisadi inkişafına əngəl törədir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov deyib.
“Azərbaycanın güclü iqtisadiyyatı var, lakin Ermənistan tərəfindən davam edən ərazilərimizin 20%-nin işğalı ölkənin daha da uğurlu inkişafına böyük maneədir”, - Axundov çərşənbə günü Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda bildirib.
Onun sözlərinə görə, müqayisə üçün, İkinci Dünya müharibəsi illərində Almaniya SSRİ ərazisinin yalnız 9%-ni işğal etmişdi.
“Hazırkı Ermənistan ərazisində əvvəllər müsəlman dövləti olub, sonra Çar Rusiyası ora erməniləri köçürüb. Ermənistan unikal, monoetnik, polietnik regionda yerləşən dövlətdir. Onun dörd qonşusu – Azərbaycan, Gürcüstan, Türkiyə və İran polietnik ölkələrdir, Ermənistanda isə yalnız ermənilər yaşayırlar”, - Axundov vurğulayıb.
O qeyd edib ki, bu, Ermənistan rəhbərliyinin həyata keçirdiyi nasizm siyasəti nəticəsində mümkün olub. “Yaponiya və İslandiya da monoetnikdir, lakin bu təbii proseslərin nəticəsidir, həmin ölkələrin adalarda yerləşməsi səbəbindən baş verib. Bir il əvvəl Ermənistanın xarici işlər nazirinin müavininə Avropada sual veriblər ki, ölkəsində neçə azərbaycanlı yaşayır, o cavab verib ki, “bir nəfər də yoxdur”. Bütün bunlar Ermənistanda yürüdülən nasizm və Hitler nasistlərinin qəhrəmanlaşdırılması siyasətinin nəticəsidir”, - Fuad Axundov bildirib. **
R.Babayev