Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar hər an bərpa oluna bilər. Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, politoloq Sergey Markov belə hesab edir.
"Qarabağ münaqişəsi dondurulmayıb. Orada sülhməramlı qüvvələr yoxdur. 2016-cı ildə münaqişə zonasında 4 gün davam edən müharibə baş verib və nəticədə yüzlərlə hərbçi və mülki şəxs həlak olub", - deyə S.Markov bu gün Bakıda keçirilən "Azərbaycan Avropa məkanında" adlı konfransda bildirib.
Onun sözlərinə görə, Kremlin müdaxiləsindən sonra qan tökülməsini dayandırmaq mümkün oldu. "Moskvadan Azərbaycan və Ermənistan rəhbərliyinə müharibənin dayandırılması xahişi ilə bağlı zənglər edildi", - deyə analitik qeyd edib.
Markov vurğulayıb ki, beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığı çoxsaylı qətnamələr və qərarlar qəbul edilib.
"Dünyada heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. O cümlədən də Ermənistan. Buna baxmayaraq, Yerevan təkcə Dağlıq Qarabağa deyil, həmçinin ona qonşu olan 7 rayona da nəzarət edir. Ermənilər Azərbaycanın Xocalı şəhərində yüzlərlə dinc sakini qətlə yetiriblər və Bakıda bu fakt soyqırım kimi tanınıb”, - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün səy göstərir, lakin ərazi bütövlüyünü bərpa etmək hüququna da malikdir. "Kazan və Madrid prinsipləri münaqişənin sülh yolu ilə həllinə gətirib çıxarmasa, Azərbaycan ordusu hərbi əməliyyatları bərpa etməyə hazırdır", - deyə S.Markov qeyd edib.*
R.Babayev