2019-cu ildə “Şahdəniz” yatağından TANAP ilə Türkiyəyə qaz tədarükünün həcmi 3 mlrd. kubmetr təşkil edəcək. Bu barədə “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın törəməsi, ARDNŞ) baş direktoru Zaur Qəhrəmanov məlumat verib.
“2019-cu il iyun ayının sonunadək TANAP ilə Azərbaycan qazının tədarükünün ümumi həcmi 1,8 mlrd. kubmetrə çatdırılacaq. Ümumilikdə isə cari il 3 mlrd. kubmetr həcmində Azərbaycan qazının tədarükü nəzərdə tutulur”,- şirkətin 2018-ci il ərzində hesabatında Qəhrəmanovun sözlərindən sitat gətirilir.
Onun sözlərinə görə, 2020-ci ildən etibarən TANAP ilə Azərbaycan qazının illik tədarük həcmi 6 mlrd. kubmetr təşkil edəcək.
“TANAP qaz kəmərinin fəaliyyəti Türkiyənin qaza olan tələbatının 12%-ni ödəyəcək”, - o qeyd edib.
Öncə konsorsiumun baş direktoru Saltuk Düzyol məlumat verib ki, 2019-cu ildə “Şahdəniz” konsorsiumu TANAP ilə Türkiyəyə 4 mlrd. kubmetr qaz tədarük edəcək.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir.
Perspektivdə boru kəmərinin ötürülmə qabiliyyəti illik 24 mlrd. kubmetr qaz, sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. **
N.Abbasova