Fransa prezidenti Emmanuel Makron yaxın zamanda azərbaycanlı həmkarı İlham Əliyevlə Bakıda danışıqlar keçirməyi ümid edir.
“Cənab prezident, məmnuniyyətlə Bakıda tezliklə yenidən görüşəcəyimizə ümid edirəm”, - Makronun Azərbaycan Respublikasının milli bayramı münasibətilə prezident Əliyevə ünvanladığı təbrik məktubunda deyilir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fransa lideri vurğulayıb ki, Paris Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə sadiq olaraq qalır.
“Həmçinin icazə verin, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinə dair Fransanın qətiyyətli, tam və qərəzsiz öhdəliyini bir daha vurğulayım”, - Makron qeyd edib.
Fransa prezidenti Əliyevi əmin edib ki, “Bakı, Paris və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsini” arzu edir.
“Xüsusilə Sizin və Birinci vitse-prezidentin yaxından diqqət yetirdiyiniz səhiyyə və ətraf mühit sahələrində qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində birgə təşəbbüslərimizin daha çox olmasını görmək arzusundayam”, - Makron vurğulayıb. **
R.Babayev