2020-ci ildə Azərbaycanda “Şahdəniz” yatağından da hasilatın artması hesabına 40 mlrd. kubmetrdən çox qaz hasil olunacaq. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“2019-cu ildə “Şahdəniz” yatağından qaz hasilatı 2018-ci ilin göstəricisi ilə müqayisədə 6 mlrd. kubmetr, 2020-ci ildə 8,5 mlrd. kubmetr (2018-ci illə müqayisədə - İF) artacaq. Bütövlükdə, 2020-ci ildə Azərbaycanda qaz hasilatı 40 mlrd. kubmetri ötəcək”, - deyə nazir bu gün Bakıda keçirilən "Caspian Oil&Gas 2019" konfransında çıxışı zamanı bildirib.
Xəbər verildiyi kimi, Energetika Nazirliyi cari ildə ölkədə qaz hasilatını 36 mlrd. 298,8 mln. kubmetr səviyyəsndə proqnozlaşdırır. Beləliklə, 2020-ci ildə hasilat ən azı 10% artacaq.
2019-cu ildə “Şahdəniz” yatağından qaz hasilatı 17 mlrd. 380 mln. kubmetr səviyyəsində proqnozlaşdırılır.
2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2017-ci ilin göstəricisindən 12,7% çoxdur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı «Alfa» və «Bravo» platformalarından həyata keçirilir.*
N.Abbasova