Avropanın təbii qazla təmin olunmasında Xəzər regionunun rolu hər il artacaq. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibiYuriy Sentyurin belə hesab edir.
"Avropa ölkələrində qaz hasilatının azaldılması və digər yanacaq növlərindən istifadənin tədricən azalması fonunda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın Avropanın təbii qazla təmin olunmasında rolu getdikcə artacaq", - deyə o, bu gün Bakıda keçirilən "Oil and Gas 2019" konfransında bildirib.
Baş katibin sözlərinə görə, 2040-cı ilə qədər Norveçdə qaz hasilatı 50 mlrd. kubmetrdən 25 mlrd. kubmetrə qədər azaldılacaq, Niderlandda da hasilatın həcmində əhəmiyyətli dərəcədə azalma olacaq.
Sentyurin hesab edir ki, belə şəraitdə Azərbaycanda təsdiqlənmiş ehtiyatların artması mühüm rol oynayır. "Xüsusilə “Şahdəniz” və “Abşeron” yataqlarından hasilatın artması gözlənilir. Bundan əlavə, Cənub Qaz Dəhlizinin yaradılması da Avropanı qazla təminatında mühüm rollardan birini oynayır", - deyə o əlavə edib.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri $40 mlrd.-dır.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
B.Rüstəmbəyov