BP şirkəti dərin layların potensialını öyrənmək üçün 2020-ci ildə "Şahdəniz" yatağında kəşfiyyat qazma işlərinə başlamağı planlaşdırır. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentiQari Couns deyib.
"Biz "Şahdəniz" yatağında dərin layların potensialını öyrənmək üçün 2020-ci ildə bu müqavilə sahəsində kəşfiyyat qazma işləri aparmağı planlaşdırırıq”, - deyə o, bu gün Bakıda keçirilən "Caspian Oil&Gas 2019" konfransında bildirib.
Q.Counsun sözlərinə görə, şirkət “Şəfəq-Asiman” müqavilə sahəsində kəşfiyyat işlərinə başlamağı planlaşdırır. “Kəşfiyyat işləri uğuru olarsa, buradakı ehtiyatlar “Şahdəniz” yatağının ehtiyatları ilə müqayisə edilə bilər”, - deyə o əlavə edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı «Alfa» və «Bravo» platformalarından həyata keçirilir.
Xəbər verildiyi kimi, “Şəfəq-Asiman” strukturunda birinci kəşfiyyat quyusunun dərinliyi təxminən 6500-7000 metr təşkil edəcək. Struktur sahəsində dənizin dərinliyi 600-800 metr arasındadır. İlkin məlumatlara görə, məhsuldar qalın təbəqə təxminən üç kilometr təşkil edir və 5 km-dən 8 km-ə qədər dərinlikdən başlayır.
Strukturda üçölçülü seysmik tədqiqatlar aparılıb.
SOCAR-ın qiymətləndirmələrinə görə, “Şəfəq-Asiman” strukturunun ehtiyatları 500 mlrd. kubmetr qaz və 65 mln. ton kondensat təşkil edir.
SOCAR və “BP Exploration” şirkətləri arasında blokun işlənməsi haqqında müqavilə 2010-cu ilin iyul ayında imzalanıb və 2011-ci ilin iyun ayında qüvvəyə minib. Tərəflərin hər birinin müqavilədəki payı 50% təşkil edir. Müqavilə daha 5 il uzadılma imkanı ilə 30 il müddətinə nəzərdə tutulub.
Müqavilənin şərtlərinə görə, əgər tədqiqat proqramı neft ehtiyatlarını təsdiqləsə, onda hər 100 mln. barrel neft üçün bonus $1 mln. təşkil edəcək. Blokda kommersiya işlənməsinin başlamasından sonra 3 gün ərzində $50 mln. məbləğində bonus ödənilməlidir.
Bundan başqa, “BP Exploration” hər il müqavilə sahəsinin hər 1 kv. kilometri üçün Azərbaycana $2 min məbləğində akrhesabı ödənişlər etməlidir.
“Şəfəq-Asiman” blokunun ümumi sahəsi 1,1 min kvadratmetr təşkil edir. Burada indiyə qədər geolojı tədqiqat işləri aparılmayıb.*
B.Rüstəmbəyov