Milli Məclis cümə axşamı keçirilən iclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişiklikləri təsdiq edib.
“İnterfaks-Azərbaycan”ın müxbirinin məlumatına görə, dəyişikliklərə əsasən sahibkarlıq subyektlərində yoxlamaların aparılacağı halların siyahısı genişləndirilib.
Dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərində yoxlamalar tikintiyə dövlət nəzarəti çərçivəsində də həyata keçirilə bilər.
Yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə yoxlamalar 6 ayda bir dəfə, orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfə, aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfə aparılacaq.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanun imzalayıb. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il noyabrın 1-dək uzadılıb.
Qanuna əsasən 2015-ci il noyabrın 1-dən 2021-ci il noyabrın 1-dək yalnız vergi yoxlamaları, eləcə də əhalinin həyat və sağlamlığına, ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhdidlərin olduğu hallarda yoxlamalar aparıla bilər.**
Ə.Məmmədov, R.Babayev