2019-cu ildə “Ümid” yatağından 900-950 mln. kubmetr qaz hasil olunacağı gözlənilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə məlumat verib.
“Cari ildə “Ümid” yatağından 1 mlrd. kubmetrədək - 900-950 mln. kubmetr qaz hasil olunacağı gözlənilir”, - deyə məlumatda bildirilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu gün Bakıda keçirilən "Caspian Oil&Gas 2019" konfransında çıxışı zamanı qeyd edib ki, “Ümid” yatağında qazılan sonuncu quyu yaxşı nəticələr verib, yataqda 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat ehtiyatının olduğu təsdiqlənib.
Hazırda “Ümid” yatağından sutkada 2,4 mln. kubmetr qaz və 380 ton kondensat hasil olunur.
Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi 2017-ci il yanvarın 12-də SOCAR ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında imzalanıb və may ayında qüvvəyə minib.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat, “Babək” strukturunun ehtiyatları isə 400 mlrd. kubmetr qaz və 80 mln. ton kondensat həcmində qiymətləndirilir.
Blokun uzunmüddətli işlənməsi proqramı “Umid” yatağından illik 5 mlrd. kubmetr qaz hasilatını nəzərdə tutur.*
N.Abbasova