Azərbaycan iyunun sonunda Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyə dair danışıqların növbəti raundunu keçirə bilər. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev məlumat verib.
"İyunun sonunda növbəti görüş (danışıqlar çərçivəsində - İF) keçirilə bilər", - deyə M.Məmməd-Quliyev "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş var. "Amma mənim nöqteyi-nəzərimdən bu, çox da ciddi irəliləyiş deyil", - deyə nazir müavini əlavə edib.
Azərbaycan 1997-ci ildə ÜTT-yə daxil olmaq üçün ərizə verib. Danışıqların sonuncu raundu 2018-ci ilin dekabr ayında Cenevrədə keçirilib.
Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin may ayında Oman və BƏƏ, 2010-cu ilin may ayında Gürcüstan, 2012-ci ildə Qırğızıstanla ÜTT-yə daxil olmaqla bağlı danışıqların başa çatması haqqında ikitərəfli protokol imzalayıb.*
F.İsazadə