Mayın 30-da Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək. Bu barədə Aeroportdan məlumat verilir.
“2019-cu il mayın 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərəcək. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, SCAT, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə hava limanının infrastrukturunda yüklənmənin pik vaxtının 30 may tarixində müşahidə ediləcək. Gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək”, - məlumatda qeyd olunur.
Eyni zamanda, qeyd edilir ki, Bakıdan mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirəcək.
Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təqribən 60 min nəfər təşkil edib.
“Reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilib. Həmçinin Frankfurt, Vyana, Buxarest, Madrid, Nitsa, Afina, Stokholm, Doha və bir sıra digər şəhərlərdən nümayəndə heyətləri, pərəstişkarlar və azarkeşlər gəlmişdilər”, - məlumatda vurğulanır.
Heydər Əliyev Beynəlxalq Aeroportu bu günlərdə hava limanı üçün yeni olan aviaşirkətlərin – “Enter Air”, “Blue Panorama Airlines”, “Maleth Aero Aoc Limited”, “Hifly Airlines”, “WamosAir”, “Getjet Airlines” və digər çarter aviaşirkətlərinin təyyarələrini qarşılayıb.
Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçirilib. Londonun “Çelsi” klubu “Arsenal” klubuna 4:1 hesabı ilə qalib gəlib. **
A.Əzizov