30 aprel 2019-cu il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd. 769,1 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə bankların aktivləri 29 mlrd. 502,4 mln. manat məbləğində olub. Beləliklə, yanvar-aprel aylarında bankların aktivləri 0,9% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 12 mlrd. 674,8 mln. manat (artım 0,4% - İF) təşkil edir.
2019-cu il aprel ayının 30-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 419,8 mln. manat (artım 8,5%) təşkil edir.
Mayın əvvəlinə bankların öhdəlikləri 25 mlrd. 349,3 mln. manata (azalma 0,3%), Mərkəzi Bank qarşısında öhdəlikləri 248,2 mln. manata (azalma 35,5%) bərabərdir.
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 2018-ci ilin müvafiq dövründə qeydə alınmış 57,1 mln. manatlıq zərərə qarşı 347,9 mln. manat təşkil edib.
Cari ilin yanvar-aprel aylarında bankların faiz gəlirləri 644 mln. manat (2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 14,8% - İF), o cümlədən verilmiş kreditlər üzrə 457,1 mln. manat təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 250,3 mln. manat (artım 57,1%) məbləğində olub.
Yanvar-aprel aylarında bankların faiz xərcləri 187,7 mln. manat (azalma 6,7%), o cümlədən depozitlər üzrə 125,3 mln. manat, qeyri-faiz xərcləri 344,3 mln. manat (artım 5,7%) təşkil edib.
Yanvar-aprel aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 288,4 mln. manat (artım 48,8%), mənfəət vergisi üzrə ödənişlər 27,5 mln. manat məbləğində olub. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 65,3 mln. manat yönəldib.
30 aprel 2019-cu il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 15-i xarici kapitallıdır.
Aprel ayının sonuna bankların 512 filialı və 128 şöbəsi var.
Azərbaycanın bank sektorunda 17,982 min nəfər (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,3%) çalışır.*
Ə.Məmmədov