Azərbaycanın sığorta şirkətləri sığorta agentlərinə verilən komisyon muzdun məbləğinə nəzarəti gücləndirmək niyyətindədir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Azər Əliyev məlumat verib.
"Qanunvericiliyə əsasən, komisyon muzdun məbləği sığorta haqqının 15%-dən çox olmamalıdır, ancaq bu rəqəm bəzən 35-40%-ə çatır və bu, sığorta şirkətlərinə böyük ziyan vurur. Biz iyulun 1-dən bu problemlə ciddi məşğul olmaq niyyətindəyik və komisyon muzdun məbləğinin 15%-dən çox olmamasına nəzarət edəcəyik”, - deyə A.Əliyev bildirib.
Onun sözlərinə görə, komisyon muzd ödənişlərinin normadan artıq olması özünü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) növündə daha çox göstərir, yəni zərər orta hesabla 60-65% (əvvəllər 35-40% - İF) təşkil edir.
"Bu gün AVSMMİS üzrə zərər demək olar ki, iki dəfə artıb. Bundan əlavə, sığorta şirkətləri AVSMMİS üzrə sığorta haqlarının 5%-ni İcbari Sığorta Bürosuna (İSB), 0,5%-ni isə Maliyyə Bazarlarına Nəzarət Palatasına ödəyir. Bütün bunları komisyon muzd ödənişləri ilə birgə toplasaq, zərər 100%-dən çoxdur. Gələn ildən isə İSB-yə ödənilən haqların məbləği artacaq. Buna görə də biz komisyon muzd ödənişlərinin 15%-ə, gələcəkdə isə 5%-ə qədər azalmasına nail olacağıq. Tənzimləyici bu məsələdə bizi dəstəkləyir”, - deyə ASA-nın rəhbəri qeyd edib.
Prezident İlham Əliyev 2019-cu ilin yanvar ayında “İcbari sığortalar haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklərə əsasən, şirkətlərin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İSB-yə ödədikləri təqvim haqları 2020-ci il yanvarın 1-dən 5%-dən 10%-dək (bu sığorta növü üzrə ümumi sığorta haqlarının) artırılacaq.
İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri 2018-ci ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı yığımını 2017-ci illə müqayisədə 3,1% - 95 mln. 440,5 min manatadək (hesabat dövründə sığortaçıların sığorta haqlarının 13,1%-i) artırıb. 2018-ci il ərzində sığortaçılar tərəfindən AVSMMİS üzrə 53 mln. 505,2 min manat (artım 19,5%) və ya hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 22,3%-i həcmində ödəniş həyata keçirilib.*
Ə.Məmmədov