1 may 2019-cu il tarixinə “Azəri-Çıraq-Günəşli” blokundan indiyədək hasil olunan Azərbaycanın mənfəət neftinin ümumi həcmi 280,4 mln. ton təşkil edib. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
“1 may 2019-cu il trarixinə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 280,4 mln. ton Azərbaycanın mənfəət nefti hasil olunub və ya bu blokdan ümumi hasilat həcminin 58%-ni təşkil edib”, - Yusifzadə cümə günü Bakıda "Caspian Oil&Gas 2019" konfransında bildirib.
O cümlədən, vitse-prezident məlumat verib ki, 1 may 2019-cu il tarixinə Azərbaycan neftinin dünya bazarlarına ixrac həcmi 508 mln. ton təşkil edib. Həmçinin 383 mln. ton neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracın payına düşüb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir.**
N.Abbasova