2019-cu ildə Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda “Mərkəzi-Şərqi Azəri” dəniz platformasının tikintisinə başlanacaq. Bu barədə BP neft-qaz şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
“Bu il AÇG yataqlar blokunda “Mərkəzi-Şərqi Azəri” dəniz platformasının tikintisinə start veriləcək. Paltformanın 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır”, - Aslanbəyli cümə günü Bakıda "Caspian Oil&Gas 2019" konfransında çıxışında bildirib.
Onun sözlərinə görə, AÇG-da sayda yeddinci olacaq platformadan sutkalıq 100 min barel neft hasil olunacaq.
Xəbər verildiyi kimi, 19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Mərkəzi-Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 mlrd. təşkil edir. Platformanın istismarı dövründə bütövlükdə buradan 300 mln. barrel neftin hasilatı proqnozlaşdırılır. İlk neftin hasilatına 2023-cü ildə başlanması planlaşdırılır.
“Mərkəzi-Şərqi Azəri” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
Layihə suyun 137 metr dərinliyində Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisi; üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturun quraşdırılması; Şərqi Azəri platformasından Mərkəzi-Şərqi Azəri platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelinin çəkilməsini nəzərdə tutur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə investisiya qoyuluşları $43 mlrd. məbləğində qiymətləndirilir.
Azərbaycanda hasil olunan neftin 2/3 hissəsi AÇG blokunun payına düşür. **
B.Rüstəmbəyov