Azərbaycan prezidenti İlham Əliyev polşalı həmkarı Andjey Duda ilə Bakı ilə Varşava arasında gələcək əməkdaşlığa dair planlarla bağlı fikir mübadiləsi aparıb.
“Bu gün yüksək səviyyəli siyasi dialoq (Azərbaycan-Polşa - İF) davam etdirilir. Bu gün bir daha ikitərəfli əlaqələrimizin gündəliyinə nəzər saldıq və gələcək planlar haqqında danışdıq”, - Əliyev cümə günü Bakıda Azərbaycan və Polşa nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə bildirib.
O qeyd edib ki, Azərbaycanla Polşa arasında əməkdaşlıq çoxşaxəlidir, həm siyasi, iqtisadi və digər sahələri əhatə edir.
“Əminəm ki, Azərbaycana səfəriniz bizim gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək”, - Əliyev bildirib.
Öz növbəsində, Duda qeyd edib ki, bu, Azərbaycana ilk səfəridir. “Mən Bakını ilk dəfədir ki, görürəm. Ölkə və olduqca gözəl şəhər mənə böyük təəssürat bağışladı. Bunların əsasında məhz sizin işiniz, fəaliyyətiniz dayanır. Cənab prezident, mən açıq şəkildə söyləmək istəyirəm ki, uzun illər ərzində ölkələrimiz müxtəlif sahələrdə səmərəli şəkildə əməkdaşlıq ediblər”, - Duda vurğulayıb. **
F.İsazadə